Lökbatanda kanalizasiya kollektoru və sutəmizləyici qurğu tikilir

25.07.2026 7
Şəkil: Lökbatanda kanalizasiya kollektoru və sutəmizləyici qurğu tikilir
Lökbatanda yeni kanalizasiya kollektoru və tullantı sularının təmizlənməsi qurğusunun tikintisi davam edir. Layihə Bakı və Abşeron yarımadasında su və kanalizasiya sistemlərinin yenilənməsini nəzərdə tutan Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Məlumata görə, kollektorun ümumi uzunluğu 23 kilometr olacaq, sutəmizləyici qurğunun isə gündəlik gücü 100 min kubmetr təşkil edəcək. Layihə Xocasən, Sulutəpə, Şonqar, Lökbatan, Yasamal, Badamdar, Bayıl və Bibiheybət ərazilərini əhatə edəcək.

Yeni infrastruktur sayəsində həmin yaşayış məntəqələrinin kanalizasiya sistemi yaxşılaşdırılacaq, eyni zamanda Bakı buxtası, Xocasən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyətinə müsbət təsir göstərilməsi gözlənilir.

Layihə çərçivəsində nasos stansiyası, mexaniki təmizləmə qurğuları, biofosfor və havalandırma hovuzları, son durulducular, disk filtrlər və ultrabənövşəyi dezinfeksiya sistemi inşa edilir. Təmizlənmiş su bütün mərhələlərdən keçdikdən sonra dənizə ötürüləcək.

Hazırda əsas tikinti işləri davam edir. Kollektorun inşasının təxminən yarısı artıq tamamlanıb. Layihənin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

Yeni kompleksin istifadəyə verilməsi ətraf mühitin qorunmasına, kanalizasiya xidmətlərinin keyfiyyətinin artırılmasına və Bakı şəhərinin müasir infrastrukturunun inkişafına töhfə verəcək.
Şərhlər (0)
Şərh yaz