Şıx çimərliyində dənizin içinə uzanan iridiametrli boru vasitəsilə axıdılan maddənin görüntüləri sosial şəbəkələrdə yenidən gündəmə gəlib. İstifadəçilər bunu çirkab su kimi təqdim etsələr də, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məsələyə aydınlıq gətirib.
Agentliyin açıqlamasına görə, görüntülərdə əks olunan axıntı çirkab su deyil — bu, dənizin dibində aparılan dibdərinləşdirmə işləri zamanı yaranan, qumla qarışıq dəniz suyudur.
Qeyd edək ki, oxşar görüntülər bir neçə ay əvvəl də yayılmışdı. O zaman Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən operativ araşdırma aparılmış, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Şıx çimərliyi və ətraf ərazilər yoxlanılmışdı.
Araşdırma zamanı müəyyən edilib ki, ərazidə gəmilərin limana təhlükəsiz yanalması üçün xüsusi təyinatlı gəmilər vasitəsilə dənizin dibi dərinləşdirilir. Bu iş görülərkən dibdən çıxarılan qum və çöküntülər dəniz suyu ilə qarışaraq xüsusi boru ilə sahilə ötürülür. Beləliklə, ictimaiyyətə çirkab su kimi təqdim edilən axıntı əslində bu prosesin nəticəsidir.
ADSEA vətəndaşları yalnız rəsmi mənbələrdən təsdiqlənmiş məlumatlara etibar etməyə çağırıb.
Xəzərə axıdılan maddə çirkab su deyil
08.07.2026
28